CƏMİYYƏT


Sahil Babayev: postmüharibə dövründə 5320 şəhid ailəsi və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq proqramına cəlb olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində və Samux rayonunda şəhid ailələri üçün özünüməşğulluq proqramı əsasında yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Sahil Babayev proqram iştirakçıları ilə görüşündə Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə təminatı, o cümlədən onların məşğulluq məsələlərinin həlli işlərinin aparıldığını qeyd edib. O, bildirib ki, postmüharibə dövründə 5320 şəhid ailəsi və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq proqramına cəlb olunub. Onlar proqramın dəstəyi olaraq verilmiş aktivlər hesabına kiçik təsərrüfatlar yaradıblar.

Həmin kateqoriyalardan olan 2 mindən çox şəxsin isə münasib işlərlə təminatı həyata keçirilib. Bu il 16 mindən çox şəxsin özünüməşğulluq proqramı əsasında kiçik müəssisə və təsərrüfatlarını qurmaları üçün işlər aparılır. Proqrama cəlb olunanların mühüm bir hissəsi şəhid ailələri və qazilərdir. Onların mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təminatı prosesi hazırda davam edir.

Vətən müharibəsi şəhidi Samir Abdullayevin atası İlham Abdullayev üçün yaradılmış dəmirçilik üzrə kiçik müəssisəyə, həmçinin şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov üçün yaradılmış arıçılıq təsərrüfatına, şəhid Nurəddin Hümbətovun atası İlqar Humbətov üçün yaradılmış maldarlıq təsərrüfatına baxış olub.

Proqram iştirakçıları özünüməşğulluq fəaliyyətlərini, kiçik bizneslərini inkişaf etdirmək üçün səy göstərdiklərini bildiriblər. Onlar qayğı ilə əhatə olunduqlarına, öz ailə təsərrüfatlarını qurmalarına göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, aparılan işlərin davamı olaraq bu il Gəncədə 109 nəfər və Samuxda 63 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.