REGİONLAR
Şahin Bayramov: Xalqımızın qanı və canı bahasına qazanılan müstəqilliyin qədrini bilmək hər birimizin şərəf borcudur
Bakı, 28 may, AZƏRTAC
Bu gün xalqımız müsəlman Şərqində yaratdığı ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyində Müstəqillik Gününü böyük təntənə ilə qeyd edir. Milli dövlətçilik salnaməsinin şanlı və parlaq səhifələrindən olan bu əlamətdar günün “Heydər Əliyev İli”ndə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şəraitində qeyd olunması hər birimizi daha da qürurlandırır. Belə bir tarixi gündə xalqımıza müstəqillik ənənələrini bəxş edən cümhuriyyət qurucularının, bu ənənələrə sadiqlik nümayiş etdirərək müstəqilliyimizi dönməz və əbədi edən müasir Azərbaycanın memarı Heydər Əliyevin, azadlığımız, suverenliyimiz və firavan gələcəyimiz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrini böyük ehtiramla yad edirik.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
Bildirib ki, həqiqətən də XX əsrin əvvəllərində dünyada və bölgədə mövcud olmuş mürəkkəb və ağır tarixi siyasi şəraitə baxmayaraq, demokratik ideyalara və prinsiplərə əsaslanan müstəqil dövlətin yaradılmasına nail olunması bir daha xalqımızın böyüklüyündən, azadlıqsevərliyindən, istedadından, müstəqil yaşamağa və dövlətçilik ənənələrini bərpa etməyə qadir olmasından xəbər verirdi. Mövcudluğunun qısa sürməsinə baxmayaraq, cümhuriyyət dövründə görülən işlər və əldə edilən zəngin dövlət quruculuğu təcrübəsi ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Cümhuriyyətin xidmətlərini hər zaman yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır”.
Sovet işğalı səbəbindən Xalq Cümhuriyyəti tezliklə süquta uğrasa da, yetmiş il hökm sürən imperiyanın dağılmasından sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycan Respublikası məhz cümhuriyyət ənənələrini yaşadan və inkişaf etdirən Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, uzaqgörən və qətiyyətli siyasəti sayəsində məhv olmaq təhlükəsindən qurtulub və əbədi müstəqilliyini təmin edib. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir müstəqil dövlətimiz arasında siyasi və mənəvi bağlılığa, varisliyə daim yüksək qiymət verirdi. Bu barədə Heydər Əliyevin qeyd etdiyi “Biz onların varisiyik, onların işinin davamçılarıyıq - ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda” fikirləri məhz dahi şəxsiyyətin cümhuriyyət dəyərlərinə müdrik yanaşmasının bariz göstəricilərindən biri idi. Danılmaz həqiqətdir ki, bugünkü müasir və müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir.
Şahin Bayramov qeyd edib ki, hazırda Ümummilli Liderimizin siyasi kursunu yeni dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti sayəsində Azərbaycan müstəqillik tarixinin ən qüdrətli mərhələsinə qədəm qoyub. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq" fikirlərini təkcə sözdə deyil, yorulmaz fəaliyyətində də göstərən Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyib, hərtərəfli inkişafa nail olub. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə ölkəmiz ərazi bütövlüyünü təmin edib, qalib dövlət kimi müstəqilliyini və suverenliyini daha da gücləndirib. Bu gün müstəqil qüdrətli Azərbaycan hər bir vətəndaşımız üçün qürur mənbəyinə çevrilib. Bu gün Azərbaycan əsrlər boyu xalqımızın, o cümlədən cümhuriyyətin qurucularının arzu etdiyi yüksəliş dövrünü yaşayır. Bu kontekstdə Prezident İlham Əliyevin fikirlərini vurğulamaq yerinə düşərdi: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.
“Şübhəsiz ki, Azərbaycanın bugünkü inkişafının və güclənməsinin əsasında dayanan ən başlıca şərt müstəqil dövlətə sahib olmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”. Ona görə də xalqımızın qanı və canı bahasına, yüksək intellekti, əzmi, iradəsi və mübarizlik ruhu sayəsində qazanılan, qorunan və möhkəmlənən müstəqilliyin qədrini bilmək hər birimizin şərəf borcudur”, - deyə o əlavə edib.