CƏMİYYƏT
Şahin Həsənli: İnsanlar kütləvi iftarlara xərclənən vəsaitlərlə ehtiyacı olan ailələrə ərzaq yardımı göstərə bilərlər
Bakı, 7 may, Nicat Məmmədov, AZƏRTAC
Ramazan ayı növbəti dəfə pandemiya şəraitində keçir və artıq başa çatmaq üzrədir. Keçən il olduğu kimi, bu il də bayram namazı fərdi şəkildə icra olunacaq. Mübarək ayın sonunda Fitr bayramı qeyd olunur. Ramazan ayı boyunca biz insanlara müraciətimizdə kütləvi iftar süfrələrinə toplaşmamağı tövsiyə etdik.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənli AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ramazan ayında yoluxmanın azalması kifayət qədər azalıb: "Çox sevindirici haldır ki, məhz Ramazan ayında yoluxmada kəskin azalma var. Düşünürəm ki, əksər insanlar qaydalara riayət edir, kütləvi iftar mərasimləri keçirilməsinə rast gəlinmir və bu səbəbdən də yoluxmaların sayı azalıb. Ümid edirik ki, bundan sonra da insanlar bu cür qorunacaqlar. İnsanlar kütləvi iftarlara xərclənən vəsaitləri faydalı işlərə sərf edə, ehtiyacı olan ailələrə ərzaq yardımı göstərə bilərlər. Ramazan bayramının namazı camaatla qılınmayacaq. Bu il pandemiya ilə əlaqədar insanlar evlərində fərdi qaydada namazları icra edəcəklər. Bayram günü fitrə zəkatı ayrılmalıdır. Dinimizdə bayram namazına qədər fitrəni çıxartmaq tövsiyə olunur. Fitrə üçün arpa, buğda, düyü, un, kişmiş, xurma və s. kimi ərzaqların 3 kiloqram məbləğı qədər pul vəsaiti ayrılmalıdır. Bu vəsait ailə başçısı tərəfindən həyata keçməlidir.