SİYASƏT
Şahin İsmayılov: Gəncədə iğtişaş törədənlərin məqsədi Azərbaycanda stabilliyi pozmaq, inkişafın qarşısını almaq idi
Bakı, 12 iyul, AZƏRTAC
Təəssüf ki, iyulun 10-da Gəncədə baş verən hadisələr iki layiqli polis əməkdaşının şəhid olması ilə nəticələndi. Azərbaycan polisi hər zaman öz xidməti vəzifəsini layiqincə yerinə yetirib, asayişin qorunmasında mühüm xidmətlər göstərib. Yaxşı xatırlayırıq ki, Dağlıq Qarabağ müharibəsi zamanı da Azərbaycan polisi öz qəhrəmanlığı ilə fərqlənib. Gəncə hadisələri zamanı da Azərbaycan polisi sübut etdi ki, öz canı bahasına ölkəmizdə sabitliyi, asayişi qorumağa qadirdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov iyulun 10-da Gəncədə baş verən hadisələrə münasibət bildirərkən deyib.
Ş.İsmayılov bildirib ki, bəzi qüvvələr həmin cinayətkarların əməllərinə dini amillə haqq qazandırmağa çalışırlar. Ancaq onu unudurlar ki, bu cəfəngiyata onların özlərindən başqa heç kim inanmır. Çünki ölkəmizdə dinlərarası münasibətlər olduqca yüksək səviyyədədir. Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi göstərilir, hər kəs dini azadlıq hüququna malikdir. Təsadüfü deyil ki, radikalların, terrorçuların əməllərini ən kəskin şəkildə qınayan və lənətləyən Azərbaycan vətəndaşlarının sırasında din xadimlərimiz də çox fəaldırlar.
Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir. Bu sərvətə göz dikənlərin heç birinə güzəşt olunmamalıdır. Dövlətimizə, dövlətçiliyimizə, birliyimizə qarşı çıxanlar qanun qarşısında cavab verməlidirlər.