REGİONLAR


Şahin Mustafayev: Azərbaycan-İran əməkdaşlığında əsas sahələrdən biri də nəqliyyat-tranzit sektorudur VİDEO

Ağdam, 25 yanvar, AZƏRTAC

Azərbaycan ilə İran arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Nəqliyyat-tranzit sektoru bu istiqamətdə ən öncül sahələrdən biri hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu yanvarın 24-də jurnalistlərə açıqlamasında İran nümayəndə heyəti ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Baş nazirin müavini Şahin Mustafayev deyib.

Şahin Mustafayev bildirib ki, İranın nümayəndə heyəti Tehrandan, Azərbaycan nümayəndə heyəti isə Bakıdan birbaşa Füzuli beynəlxalq hava limanına gəlib: “Biz birlikdə işğaldan azad olunan ərazilərə səfər etdik. Qonaqlar ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə gördülər. Nümayəndə heyətinə məlumat verildi ki, düşmən 30 ilə yaxın bir müddətdə şəhər və kəndlərimizi vəhşicəsinə dağıdıb, bütün infrastruktur, avtomobil və dəmir yolları məhv edilib”.

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin əsas prioritetini işğaldan azad olunmuş ərazilərin bərpası təşkil edir. “Qonaqlar işğaldan azad edilmiş ərazilərin bərpasının necə sürətlə həyata keçirilməsinin şahidi oldular. Gördülər ki, çox qısa müddətdə Füzulidə hava limanı inşa olunub. Zəngilanda yeni hava limanı tikilir. Onlara məlumat verildi ki, Laçında da hava limanının inşası həyata keçirilir. Qonaqlar Zəngəzur nəqliyyat dəhlizinin tərkib hissəsi olan, Azərbaycanın azad olunmuş ərazilərindən keçən Horadiz-Ağbənd dəmir yolunun və Horadiz-Ağbənd avtomobil magistralının tikintisi ilə tanış oldular. Diqqətə çatdırıldı ki, bu infrastruktur layihələri gələn ilin sonunadək başa çatacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.