İQTİSADİYYAT


Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir

Dubay, 15 yanvar, AZƏRTAC

Dubayda fəaliyyətə başlayan Azərbaycan Ticarət Evi ölkəmizin xarici dövlətlərdə açdığı yeddinci ticarət evidir. Həmin ticarət evinin açılması Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının artırılması və məhsulların yeni bazarlara çıxarılmasının təmin edilməsi istiqamətində tapşırıqlarının icrası, eləcə də sahibkarlığa növbəti dəstək kimi qiymətləndirilməlidir. Bu şərait məhz Azərbaycan sahibkarların keyfiyyətli və beynəlxalq standartlara uyğun məhsullarını xarici bazarlara çıxarması üçün yaradılır.

Bu barədə AZƏRTAC-a müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr uğurla inkişaf edir və ticarət evinin açılması ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri, eləcə də iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində marağın göstəricisi kimi də dəyərləndirilməlidir. Ticarət evinin fəaliyyətə başlaması bu əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Azərbaycan və BƏƏ-nin əməkdaşlığının hazırkı səviyyəsinə toxunan Ş.Mustafayev bildirib ki, ikitərəfli əlaqələrin uğurlu inkişafı məhz dövlət başçılarının siyasi iradəsinin nəticəsidir: “Dövlət başçıları arasında dostluq, qardaşlıq münasibətləri var və buna söykənən əlaqələr bütün sahələrdə inkişaf edir. Sözsüz ki, ilk növbədə, siyasi əlaqələri qeyd etmək lazımdır - ölkələrimiz bir-birini beynəlxalq çərçivədə də dəstəkləyir, ikitərəfli müstəvidə əməkdaşlıq isə yüksək səviyyədədir”.

Nazir vurğulayıb ki, iqtisadi sahəyə gəlincə, qarşılıqlı sərmayələrin həcmi ilbəil artır. BƏƏ-nin Azərbaycanda 290 şirkəti qeydiyyatdan keçib: “İndiyədək Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana 2,1 milyard dollar, ölkəmiz isə BƏƏ-yə 330 milyon dollar həcmində investisiya yatırıb. Eyni zamanda, Azərbaycan şirkətləri də Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Ötən ilin 11 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 51 faiz artıb. Bu göstəricilər çox uğurludur. Hesab edirik ki, əməkdaşlıq üçün potensial daha genişdir və bu potensialdan yararlanmaqla daha böyük uğurlar əldə etmək olar. Bir çox sahələrdə, eləcə də turizm sahəsində potensial böyükdür. Qarşılıqlı əməkdaşlıq, birgə şirkətlərin yaradılması ilə bu potensialdan daha səmərəli istifadə etməklə daha böyük uğurlar qazana bilərik. Keçirilən görüşlərdə də bu barədə müzakirələr apardıq”.

Ş.Mustafayev bildirib ki, bu ilin ortalarında Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bu iclas çərçivəsində BƏƏ şirkətləri və rəsmiləri Azərbaycan layihələri ilə yerində tanış olacaq və yeni əməkdaşlıq istiqamətləri müəyyən ediləcək.

“Dubayda açılan Azərbaycan Ticarət Evi Körfəz ölkələrinə də çıxış yolu rolunu oynayacaq. Bu baxımdan, həmin layihə maraqlıdır. Bazar araşdırmaları aparılır, ilkin təcrübəni təhlil edəcəyik və gələcəkdə belə ticarət evləri açılacaq. Məhsullarımız keyfiyyətlidir, dadlıdır, çox yüksək səviyyədədir. Dövlət başçısının tapşırıqları çox aydındır. Azərbaycan dünya ticarətində öz yerini tutmalıdır. Bazar araşdırmaları nəticəsində hansı bazarda bizim məhsullara tələbat var, bu bazarlara çıxmaq üçün sahibkarlara hər cür dəstək göstərilir. İnanırıq ki, Dubaydakı Azərbaycan Ticarət Evində də təqdim edilən məhsullar istehlakçılar tərəfindən bəyəniləcək və burada böyük maraq görəcəyik".

Nazir deyib ki, Azərbaycan "Dubay EXPO2020" beynəlxalq sərgisində fəal iştirak edəcək: “Hazırlıq işlərinə keçən il başlanılıb və bu il də davam etdiriləcək ki, ölkəmiz bu sərgidə layiqincə təmsil olunsun”.

Bu günlərdə BƏƏ-də keçirilən Enerji Forumunda iştirak barədə sualı da cavablandıran Ş.Mustafayev bildirib ki, alternativ və bərpaolunan enerjidən istifadə Azərbaycanda da prioritet hesab olunur: “Dövlət başçısı bu istiqamətdə mühüm tədbirlər görüb, lazımi sərmayələr ayrılıb və işlər davam edir. Əlbəttə, beynəlxalq əməkdaşlıq çərçivəsində bu işlərin davam etdirilməsi ölkəyə daha çox uğurlar gətirə bilər və gətirməlidir. Azərbaycan Prezidentinin tapşırığı ilə bizim nümayəndə heyəti tədbirdə iştirak edirdi və bu, ev sahibləri tərəfindən yüksək qiymətləndirildi. Hesab edirəm ki, Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə zəngin təcrübəsi bizim şirkətlər üçün də faydalı olacaq”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.