ELM VƏ TƏHSİL


Şahin Mustafayev UNESCO-nun toplantısında ölkəmizdə İpək Yolu ilə bağlı reallaşdırılan layihələrdən danışıb

Bakı, 2 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, UNESCO-nun İpək Yolu layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi Şahin Mustafayev Oman Sultanlığının paytaxtı Məsqət şəhərində UNESCO-nun İpək Yolu layihəsinin beynəlxalq şəbəkəsinin dördüncü toplantısında iştirak edib. Azərbaycan, Çin, Koreya Respublikası, Monqolustan, Türkiyə, İran, Oman, İraq, Rusiya, Özbəkistan, Almaniya, Portuqaliya, İspaniya və digər ölkələri təmsil edən nümayəndələr üç gün ərzində İpək Yolunun tədqiqi və dünyada tanıdılması ilə əlaqədar UNESCO tərəfindən həyata keçirilən layihənin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

AMEA-nın Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, toplantıda xüsusilə İpək Yolu interaktiv atlasının yaradılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Akademik Şahin Mustafayev ölkəmizdə İpək Yolu ilə bağlı həyata keçirilən tədbir və layihələr haqqında ətraflı məlumat verib. O, ötən il tikintisi başa çatdırılaraq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun Asiya və Avropa arasında nəqliyyat dəhlizinin inkişafına və beləliklə, yeni İpək Yolunun canlanmasına xidmət etdiyini söyləyib.

Ş.Mustafayev, həmçinin bu il oktyabrın sonunda keçirilmiş VI Beynəlxalq Bakı Humanitar Forumunun müxtəlif xalqlar arasında humanitar və mədəni əməkdaşlığın genişlənməsi və möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Akademik Şahin Mustafayev Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, eləcə də ölkəmizdə fəaliyyət göstərən Çinin Konfutsi İnstitutu tərəfindən İpək Yolu mövzusu ilə bağlı reallaşdırılan müxtəlif layihələr və tədbirlər barədə toplantı iştirakçılarına məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.