REGİONLAR


“Şahin” hərbi-idman oyununun zona birinciliyi başa çatıb

Naxçıvan, 17 aprel, AZƏRTAC

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışın keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Oyun 3 tur – məktəbdaxili seçmə mərhələsi, rayon (şəhər) və zona birincilikləri üzrə keçirilib. Zona birinciliyinə rayon (şəhər) birinciliklərində qalib olan komandalar vəsiqə qazanıblar. Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) VIII və X sinif şagirdləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Zaur Həmidov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rəcəb Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Vüsal Əliyev çıxış edərək yarışın əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Əsasnaməyə uyğun olaraq məktəblilər sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması və maskalanması bəndləri üzrə normativləri yerinə yetiriblər.

Sonda hakimlərin qərarına əsasən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Ordubad şəhər internat tam orta məktəbin komandası ikinci, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.

Qalib gələn komandalara təşkilatçıların diplom və kubokları, yarışda fərqlənən iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Fövqəladə Hallar və Təhsil nazirliklərinin, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.