İQTİSADİYYAT
Şahmar Mövsümov: 212 mindən çox işçiyə 95,6 milyon manatdan çox ödəniş edilib
Bakı, 20 iyul, AZƏRTAC
Pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üzrə 212 mindən çox işçiyə 95 milyon 636 min manat ödəniş həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın iyulun 20-də keçirilən brifinqində deyib.
Ş.Mövsümov qeyd edib ki, eyni zamanda, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikrosahibkarlara 63 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib və bu məbləğ 105 min 723 nəfəri əhatə edir. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara vergi güzəştlərinin və tətillərin verilməsinə dair xüsusi qanunvericiliyə dəyişikliklər edilib. Eyni sahələrdə çalışan sahibkarlıq subyektlərinə veriləcək yarım milyard manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasına başlanılıb, Sahibkarlığın İnkişafı Fonduna 10 milyon manat vəsait köçürülüb. Sahibkarlığın İnkişafı Fonduna 25 milyon manat əlavə vəsait ayrılıb. Ümumilikdə, bütün bu istiqamətlər üzrə 353 milyon manatdan çox vəsait istifadə olunub. Bu proses ilin sonunadək davam edəcək. Paketin ümumi məbləği 900 milyon manat təşkil edir.