REGİONLAR
Şahmat üzrə Azərbaycan birinciliyinin seçmə mərhələsində 342 şahmatçı mübarizə aparır
Ağcabədi, 27 yanvar, AZƏRTAC
Ağcabədi Olimpiya İdman Kompleksində 8, 10, 12, 14, 16 yaşlı şahmatçıların Azərbaycan birinciliyinin seçmə yarışları keçirilir. Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiq etdikləri şahmat yarışlarının illik təqvim planına əsasən keçirilən yarışda 43 rayondan 342 nəfər şahmatçı mübarizə aparır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışların açılış mərasimi Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, yarışların baş hakimi Qüdrət İsmayılov çıxış edərək, idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın uğurlarından və yarışın əhəmiyyətindən danışıb, şahmatçılara uğurlar arzulayıblar.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin hazırladığı bədii proqramın nümayişindən sonra yarışlar başlayıb. İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət yarışlar fevralın 2-dək davam edəcək.