REGİONLAR
Şahmat üzrə Azərbaycan çempionatının ilk turuna yekun vurulub
Naxçıvan, 5 may, AZƏRTAC
Naxçıvan şəhərində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turuna yekun vurulub. 12 zəka sahibinin mübarizə apardığı yarışın ilk günü maraqlı qarşılaşmalarla yadda qalıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dairəvi sistem üzrə keçirilən çempionatın ilk turunda qrossmeyster Nicat Abasov (2665) beynəlxalq usta Aydın Süleymanlı (2520) ilə, qrossmeyster Vasif Durarbəyli (2606) beynəlxalq usta Kənan Qarayevlə (2331), qrossmeyster Nicat Məmmədov (2609) qrossmeyster Vüqar Əsədli (2572) ilə, Fərid Abbasov (2528) beynəlxalq usta Məhəmməd Muradlı (2449) ilə, qrossmeyster Misrətdin İsgəndərov (2535) isə beynəlxalq usta Abdulla Qədimbəyli (2470) ilə xalları yarı bölüblər. Naxçıvan təmsilçisi qrossmeyster Urfan Sevdimalıyev (2369) ilk turda güclü rəqibi – qrossmeyster Eltac Səfərli (2598) ilə görüşdən məğlub ayrılıb.
Mayın 5-də ikinci turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşləri izləyə biləcəklər:
Aydın Süleymanlı – Abdulla Qədimbəyli
Məhəmməd Muradlı – Misrətdin İsgəndərov
Vasif Durarbəyli – Fərid Abbasov
Eltac Səfərli – Kənan Qarayev
Nicat Məmmədov – Urfan Sevdimalıyev
Nicat Abasov – Vüqar Əsədli.
Görüşlər saat 14:00-da başlayacaq.
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 15 min manat təşkil edir.