REGİONLAR
Şahmat üzrə növbəti interaktiv dərs keçirilib
Naxçıvan, 18 fevral, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində “Yarımaçıq debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Emin Hacıyev elektron şahmat proqramları, yarımaçıq debütlər və məsələ həlli ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından istifadə etmək lazımdır. “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda, CD formasında məktəblərə çatdırılıb.
Vurğulanıb ki, yarımaçıq debütlər ağların 1.e4 gedişinə qarşı qaraların istənilən cavabı ilə yaranır. Fransız müdafiəsi, Siciliya müdafiəsi, Karo-Kann müdafiəsi kimi bir sıra çox oynanılan debütlər də yarımaçıq debütlərə aiddir. Fransız müdafiəsinə aid oyunu təhlil aparılaraq qeyd edilib ki, bu debütdə ağlar piyadalar ilə mərkəzdə yaxşı mövqe əldə etməyə çalışır, qaralar isə buna mane olur. Digər debütlərdə olduğu kimi, bu debütdə də fiqurların aktivləşməsi əsas şərtdir. Məsələ həllində isə şagirdlərə 2 gedişli mata aid məsələlər təqdim olunub.
İnteraktiv şahmat məşğələsi saat 11.00-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 12.00-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı saat 15.00-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, interaktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.