DÜNYA
Şahzadə Harri London Yüksək məhkəməsində ifadə verməyə başlayıb
Bakı, 6 iyun, AZƏRTAC
Böyük Britaniya şahzadəsi Harri London Yüksək məhkəməsində ifadə verməyə başlayıb. O, kral ailəsinin son 132 ildə bu prosedurdan keçməyə razı olan ilk üzvüdür.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, dinləmələr “The Daily Mirror” tabloidinə qarşı proses çərçivəsində həyata keçirilir. Kral ailəsinin 38 yaşlı üzvü tabloidin təşkil etdiyi qanunsuz informasiya toplanmasının qurbanı olduğunu bildirir. Şahzadə insidentdən sonra səhhətində problemlərin yarandığını, şiddətli depressiya və paranoyyadan əziyyət çəkdiyini deyir. O, həmçinin 1996-2010-cu illər ərzində həyatı barədə dərc olunan təxminən 140 məqalədə qanunsuz yollarla əldə edilən məlumatlar olduğunu iddia edir.
“Mirror Group Newspapers” kompaniyasının nümayəndələri isə şahzadə Harri barədə süjetlərin çoxunun kral ailəsinin üzvləri tərəfindən və ya onların adından açıqlanan məlumatlar əsasında hazırlandığını vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniyanın monarx ailəsinin məhkəmədə ifadə verən öncəki nümayəndəsi sonradan VII Eduard (1841-1910) adı ilə taxt-taca yiyələnən Uels şahzadəsi olmuşdu. 1890-cı ildə dələduzluqda günahlandırılan qumarbaz gələcək kralı məhkəməyə vermişdi. Ondan əvvəlki analoji hadisə isə 1411-ci ildə qeydə alınmışdı.
Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl “sarı mətbuatın” artan və çox vaxt qərəzli diqqətindən yayınmaq üçün 2020-ci il martın 31-də könüllü olaraq kral ailəsinin üzvü statusundan imtina edib. Beləliklə, onlar monarxı səfərlərdə rəsmən müşayiət etmək, mərasim keçirmək və əlahəzrət titulundan istifadə hüquqlarını itirib.