DÜNYA
Şahzadə Uilyam və Keyt Middlton Polşada səfərdədirlər
Varşava, 17 iyul, AZƏRTAC
İyulun 17-də Böyük Britaniya şahzadəsi Uilyamın və onun xanımı Keyt Middltonun Polşa paytaxtına səfəri başlayıb. Onlar iki övladı ilə birlikdə iki gün müddətində Belveder sarayında məskunlaşıblar.
Polşa Prezidenti Dəftərxanasında nazir Kşiştof Şerskinin sözlərinə görə, Polşa Prezidentinin və onun xanımının Britaniya kral ailəsinin üzvləri ilə görüşü siyasi mahiyyət daşımayacaq. O deyib: “Bu səfər həm insanlar, həm də dövlətlər arasında Polşa-Böyük Britaniya münasibətlərinin çox yaxşı səviyyədə olduğunu göstərir. Siyasi xarakter daşımayan səfərlərin rolu bundan ibarətdir”.
Şahzadə Uilyamun və Keyt Middltonun Polşaya səfəri çərçivəsində Varşava Üsyanı Muzeyi ilə tanışlıq, polşalı sahibkarlar və startap sahibləri ilə görüş planlaşdırılıb. Təntənəli şam yeməyi və şahzadə Uilyamın “Korolevskiye Lazenki” park kompleksində çıxışı da gözlənilir.
Səfərin ikinci günü qonaqlar Qdanska gedəcək, burada Şekspir Teatrında və Avropa Həmrəylik Mərkəzində olacaqlar.
Uilyam və Keyt Polşadan Almaniyaya yola düşəcəklər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava