DÜNYA
Şahzadə Uilyam və xanımı Keyt Pakistanda kalaş xalqının adətləri ilə tanış olublar
İslamabad, 17 oktyabr, AZƏRTAC
Pakistanda rəsmi səfərdə olan İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton Xayber-Paxtunxva əyalətinin Bamburet kəndində yaşayan kalaş xalqının adət-ənənələri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Hindquş dağlarında yerləşən bu kənddə Keyt Middltona yerli sakinlərin istifadə etdikləri lələkli şlyapa bağışlanıb.
Xatırladaq ki, 2015-ci ildə buzlaqlar əriməsi nəticəsində bu kənddə daşqınlar baş verib, dağlardan tökülən iri daşlar evlərə böyük ziyan vurub.
Səfər zamanı Uilyam və Keyt burada Diana adlı qadınla da tanış olublar. Məlum olub ki, Şahzadə Diana 28 il bundan əvvəl Çitralda olarkən bu qadının nənəsi onunla görüşüb və yeni doğulan nəvəsinə Diana adını verib. Diana da dünyaya gələn övladını oğlunu Uilyam adlandırıb.
Hazırda Diana xilasedicilər dəstəsində çalışır, təbii fəlakətlər zamanı insanlara yardım edir. Xilasedicilər öz işlərini Uilyam və Keytə də nümayiş etdiriblər.
Uilyam və Keyt 1991-ci ildə Himalay dağlarında səfərdə olan Diananın gəzdiyi yerlərə də gediblər. Burada onlara 28 il bundan əvvəl baş vermiş tarixi hadisə ilə bağlı kitablar bağışlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad