ELM VƏ TƏHSİL
Şair Vahid Əziz tələbələrə yaradıcılığından danışıb
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış şair, tərcüməçi, publisist Vahid Əzizlə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov şairin həyat və yaradıcılığından danışıb. Qeyd olunub ki, şairin ilk şeiri 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. Həmin vaxtdan dövri mətbuatda şeirləri ilə müntəzəm çıxış edir. Onun “Dözmək olmur” şeirlər kitabı rəğbətlə qarşılanıb. V.Əzizin 40-dan çox mahnısına musiqi bəstələnib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən V.Əziz tələbələrə keçdiyi həyat yolundan, bədii yaradıcılığından söhbət açıb, onların müxtəlif suallarını cavablandırıb, öz şeirlərini söyləyib.
Görüşdə Əməkdar artist Vasif Məhərrəmli şairin şeirlərinə bəstələnmiş mahnıları ifa edib, tələbələr şeirlərini səsləndiriblər.