MƏDƏNİYYƏT


Şair-publisist Rəşad Məcidin Türkiyədə nəşr edilən “Qələmsiz yazılanlar” kitabının təqdimatı olub

Bakı, 15 yanvar, AZƏRTAC

Kitabın nə ilə və ya nə üzərində yazılmasından asılı olmayaraq onun içindəki mətləblər daha çox əhəmiyyət daşıyır. “Qələmsiz yazılanlar” kitabı akademik İsa Həbibbəylinin təbirincə desək, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcidin ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə yazdığı statusların toplusu, çağdaş zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan çoxillik təcrübənin, müşahidələrin, hər gün üzləşdiyimiz hadisələrə onun özünəməxsus şəkildə reaksiyasının əksidir. Bu statuslarda müəllifin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəlik həyatımızda rastlaşdığımız ən müxtəlif hadisələrə verdiyi operativ münasibət də öz ifadəsini tapıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 15-də şair-publisist Rəşad Məcidin Türkiyədə nəşr olunmuş “Qələmsiz yazılanlar” kitabının təqdimatında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli deyib.

Təqdimat mərasimini Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir açaraq bu ilin ilk tədbirinin tanınmış yazar Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabına həsr olunmasından məmnunluq duyduğunu bildirib və müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri İrfan Çiftçi türk və Azərbaycan xalqları arasındakı bağlılıqdan, eləcə də gənc ədəbi qüvvələrlə əvvəlki ədəbi nəslin əlaqələrinin yaranması və inkişafında müəllifin rolundan danışıb, qardaş ölkədə nəşr olunan kitabı müasir dövrün yaratdığı yeni janr nümunəsi kimi dəyərləndirib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, “Qələmsiz yazılanlar” həm ədəbiyyat, həm incəsənət, həm də ümumən ictimai fikir üçün çox maraqlıdır və mühüm əhəmiyyət daşıyır. Kitabı, bir növ, ictimai düşüncənin panoramı hesab etmək olar.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov kitabda dərc olunanlardan maraqlı misallar gətirərək deyib ki, “Qələmsiz yazılanlar” yeni bir ədəbiyyat mücadiləsi açıb. Həyatın ayrı-ayrı lövhələrini canlandıran kitabdakı cümlə-statuslarda hadisələrə yumor hissi ilə yanaşılır. Maraqlıdır ki, bu yumor hissindən müəllif özü də kənarda qalmır. Əslində kitabda toplananlar sosial şəbəkənin materialları olsa da, həm də ona etiraz notları da var.

Şair Əjdər Ol publisistin yeni kitabını ədəbi mühitdə yenilik kimi dəyərləndirib. O bildirib ki, 10 ildən çox zaman kəsiyini əhatə edən və müəllifin həmin müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur və arzu edək ki, bu silsilədən onun qələmə aldıqları davamlı olacaq.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və başqaları müəllifin yaradıcılığı, o cümlədən yeni nəşr olunan kitab haqqında fikirlərini bildiriblər.

Sonra şair-publisist Rəşad Məcid çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.