ELM VƏ TƏHSİL


“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatı olub

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun rus dilində çapdan çıxmış “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Azərbaycanın bir çox elm, təhsil, mədəniyyət və digər qurumlarında olduğu kimi, AMEA-da da bu istiqamətdə tədbirlərin görüldüyünü, yeni tədqiqatların aparıldığını, kitabların nəşr olunduğunu söyləyib.

Akademik “Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyinin “Xəmsə”nin yenidən fars dilindən Azərbaycan dilinə tərcüməsinin nəzərdə tutulduğunu qeyd edib.

AMEA Rəyasət Heyətinin üzvü, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Nizami Gəncəvi İli” çərçivəsində ərsəyə gələn “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının nizamişünaslığımıza yeni bir töhfə olduğunu söyləyib. G.Baxşəliyeva monoqrafiyanın Nizaminin bir alim, mütəfəkkir kimi xarakterizə etmək baxımından xüsusi rola malik olduğunu qeyd edib. Kitabda dahi şəxsiyyətin təbiət elmləri haqqında, eləcə də ictimai-siyasi fikirləri ilə bağlı müqayisəli təhlillərinin aparıldığını, Nizaminin dərindən araşdırılaraq əsərlərində təqdim etdiyi tarixi faktlara nəzər salındığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər Eldar Əmirovun elm və fəlsəfə tarixinə dərindən yiyələnmiş tədqiqatçılardan biri olduğunu vurğulayıblar.

Sonda kitabın müəllifi Eldar Əmirov çıxış edərək bildirib ki, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən hesab olunan Nizami yaradıcılığının bir çox aspektləri ölkəmiz, eləcə də Rusiya və dünya şərqşünaslığında müraciət olunan aktual mövzulardan sayılır. Nizami Gəncəvi öz əsərlərində elmi baxışlarını ortaya qoyub, siyasəti ədalətli cəmiyyətin qurulması üçün bir vasitə hesab edib. Nizaminin utopiyasında Avropa filosoflarının əsərlərində rast gəlinən utopiyadan fərqli olaraq, Şərq reallıqları əksini tapıb. Eldar Əmirov vurğulayıb ki, “Nizami Gəncəvi İli”ndə bu, Azərbaycan mənbəşünaslığı qarşısında dayanan vacib və aktual məsələlərdəndir.

Müəllif tədbirin iştirakçılarına təşəkkürünü bildirib, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatların daha da genişləndirilməsi üçün qeyd olunan təkliflərin nəzərə alıncağını diqqətə çatdırıb.

Sonda E.Əmirovun müəllifi olduğu kitab MEK-ə hədiyyə edilib və oxucuların istifadəsinə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.