ELM VƏ TƏHSİL
Sakarya Universitetinin professoru BDU-da
Bakı, 18 fevral, AZƏRTAC
Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə xüsusi önəm verdiyini vurğulayıb. O, elm və təhsil sahəsində qazanılan uğurlardan, bu sahədə Türkiyə ilə yüksək səviyyəli əlaqələrdən bəhs edib.
Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını xatırladan Firudin Qurbanov yubileylə əlaqədar yerli və beynəlxalq tədbirlərin təşkil olunacağı barədə ətraflı məlumat verib.
F.Qurbanov avqustun 27-dən 30-dək BDU-nun əsas tərəfdaşlığı ilə Bakıda keçirilməsi nəzərdə tutulan “Riyaziyyat və onun tətbiqi” 8-ci Beynəlxalq Avrasiya Konfransının da (IECMSA-2019) 100 illik yubileyə töhfə olacağını qeyd edib.
Professor Murat Tosun universitetlərarası əlaqələrin genişləndiyini bildirib, keçiriləcək konfransın əhəmiyyətindən danışıb.
Görüşdə konfransla əlaqədar təşkilati məsələlər də müzakirə olunub.
Qeyd edək ki, “Riyaziyyat və onun tətbiqləri” adlı beynəlxalq statuslu konfrans Türkiyənin aparıcı universitetlərinin dəstəyi ilə bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.