SİYASƏT


Sakarya şəhərində Xocalı soyqırımı ilə bağlı abidə ucaldılması məsələsi yenidən gündəmə gətirilib

İstanbul, 17 noyabr, АZƏRTAC

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyyə sədri Zəki Toçoğlu ilə keçirdiyi görüşdə bu şəhərdə Xocalı soyqırımı abidəsinin ucaldılması məsələsini yenidən gündəmə gətirib.

AZƏRTAC xəbər verir ki, bələdiyyə sədri Zəki Toçoğlu Xocalı soyqırımı abidəsinin ucaldılması məsələsinin qısa zamanda həllini tapacağını bildirib.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xalqlarımızın qürur mənbəyi kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında iki qardaş ölkə arasında əlaqələrin dinamik inkişafı ölkələrimiz üçün böyük önəm kəsb edir.

Sonra Sakarya Universitetində baş konsul Məsim Hacıyev ilə rektor Muzaffer Elmas arasında görüş olub. Görüşdə cari il oktyabrın 30-da İstanbul Universitetində keçirilmiş, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramına həsr olunmuş toplantının nəticələrinə dair səmərəli fikir mübadiləsi aparılıb. Təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətdən danışan baş konsul azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərdən və onların həllinin vacibliyindən bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin real vəziyyəti, eləcə də 2016-cı ilin aprelində Azərbaycan ordusunun cəbhə bölgəsindəki apardığı rəşadətli döyüşlərin nəticələri, işğal altındakı torpaqlarımızın bir qisminin düşməndən azad olunması ilə bağlı məlumat verən M.Hacıyev qeyd edib ki, bütün bu informasiyaların azərbaycanlı və türkiyəli tələbələrə düzgün çatdırılması çox vacibdir.

Daha sonra Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşdə baş konsul Azərbaycan Respublikasını təhsil və gənclər siyasətinin istiqamətləri barədə məlumat verib. O deyib ki, yüksək davamiyyət göstərmək, həmçinin müasir elm və təhsilə sahib olmaq xaricidə ölkəmizi təmsil edən hər bir tələbənin birbaşa vətəndaşlıq borcudur. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.