İQTİSADİYYAT
Sakinlər Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidinin istifadəyə verilməsini razılıq hissi ilə qarşılayıblar
Bakı, 10 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Prezident İlham Əliyevin iştirakı ilə Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidi istifadəyə verilib. Piyada keçidi ölkə başçısının imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.
Keçid tikilərkən həmin ərazidə yaşayan sakinlərin rahatlığı, gediş-gəlişin asanlaşması və digər sosial amillər nəzərə alınıb. Vətəndaşlar da öz növbəsində onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər:
Yerüstü keçidin inşasından əvvəl problemlərlə qarşılaşdıqlarını deyən paytaxt sakini Vüsalə İsrafilova bildirib: “Əvvəllər avtomobil yolunu keçmək üçün saatlarla gözləyirdik. Bəzən bədbəxt hadisələr də olurdu. İndi isə yolu tam təhlükəsiz və çox rahat keçirik”.
Digər sakin Sərdar Ağalarov isə deyib: “Burada tez-tez qəzalar olurdu. Bu yolu xəstələr və yaşlı insanlar da keçir. Keçidin tikintisi biz sakinlər üçün çox əhəmiyyətli olmaqla yanaşı, böyük hadisədir. Bizim də vəzifəmiz odur ki, bu keçidi qoruyaq”.
Əvvəllər bu yolu keçməyin çox çətin və təhlükəli olduğunu bildirən paytaxt sakini Rəvanə Şahbazova qeyd edib: “Xüsusilə də məktəbə gedən uşaqlar üçün bu, çox təhlükəli idi. Yerüstü piyada keçidi istifadəyə verildikdən sonra uşaqlar və yaşlı insanlar üçün də yolu keçmək xeyli asanlaşıb. Buna görə dövlətimizin başçısına minnətdarıq”.
Qeyd edək ki, sözügedən keçidin uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb. Burada hətta xüsusi velosiped yolu da nəzərdə tutulub. Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb.
Ölkəmizdə yerüstü və yeraltı piyada keçidlərinin inşası ilə bağlı bəzi statistik rəqəmlərə nəzər salaq: Bakı şəhərində 113 piyada keçidi tikilib, istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si isə yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi istifadəyə verilib. Bu günədək isə ölkədə 180 piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda respublikanın avtomobil yollarında 9 ərazidə piyada keçidlərinin inşası davam etdirilir.