Sakinlərin müraciəti həllini tapıb
AzerTAg.az
Xırdalan, 19 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda sakinlərin daha bir müraciəti həllini tapıb. Belə ki, rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın sentyabrın 20-də rayonun Məmmədli kəndində keçirilən səyyar görüşü zamanı sakinlər kəndin bəzi yerlərində elektrik enerjisinin verilməsində fasilələr yarandığı barədə müraciət ediblər. Bununla əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb və “Azərişıq” ASC-nin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq artıq Məmmədli kəndinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunan 35/10 kV-luq “Məhəmmədi” yarımstansiyasından kəndə yeni əlaqələndirici xətlər çəkilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC –a bildirilib ki, bu məqsədlə ərazidə 90 ədəd dayaq basdırılıb və 26 kilometr uzunluğunda 2 dövrəli xətt çəkilməsi işlərinə başlanılıb. Görülən işlərin nəticəsi olaraq Məmmədli kəndində 3 mindən çox istehlakçı dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.



Xəbərin mətnində orfoqrafik səhv var