ELM VƏ TƏHSİL


Şakir Qasımov: Cəbrayıl şəhərinin bərpasının təməl daşının qoyulması mənfur düşmənlərimizə gözdağıdır

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Cəbrayıla səfəri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü ölkəmizdə geniş əks-səda doğurub. AZƏRTAC bununla bağlı əslən Cəbrayıldan olan AMEA Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri, biologiya elmləri doktoru, dosent Şakir Qasımovun təəssüratlarını təqdim edir.

Bu gün Azərbaycan xalqı özünün dövlətçilik tarixinin son 200 ili ərzində ən şanlı dövrünü yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qüdrəti sayəsində Zəfərlə başa çatdı. Şanlı Qələbədən dərhal sonra Prezidentimizin rəhbərliyi ilə başlanılan irimiqyaslı bərpa və quruculuq işləri bizi çox sevindirir.

Dövlət başçısının işğaldan azad edilmiş bölgələrimizə səfərləri, eyni zamanda, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü, oradan xalqımıza və dünyaya verdiyi mesajlar bir cəbrayıllı kimi məni də çox qürurlandırdı və olduqca xoş təəssüratlar yaratdı. Prezidentimizin iştirakı ilə Cəbrayıl şəhərinin bərpasının təməl daşının qoyulması, burada geniş quruculuq işlərinin başlanılması biz cəbrayıllılar üçün çox qürurvericidir. Cəbrayıl rayonu Azərbaycanın özünəməxsus bölgəsidir və Şərqi Zəngəzurun yenidən qurulmasında, bu bölgəyə insanların Böyük Qayıdışı üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Cəbrayıllıların öz yurdlarına qayıdışı ilə bağlı görülən sosial-iqtisadi əhəmiyyətli işlər sözün əsl mənasında diqqətəlayiqdir. Ölkə rəhbərinin iştirakı ilə Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin, 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışı yenidən qurulan rayonun və bölgənin inkişafında xüsusi əhəmiyyət daşıyacaq.

Cəbrayıl şəhərinin və rayonun yenidən inşası və qurulması mənfur qonşularımıza və düşmənlərimizə gözdağı olacaq. Biz cəbrayıllılara bu fərəh və qürur hisslərini yaşatdığına, göstərdiyi diqqət və qayğıya görə dövlət başçımıza minnətdarlığımızı bildiririk. Bütün Azərbaycan xalqı kimi cəbrayıllılar da ölkə rəhbərinin bu çətin və məsuliyyətli dövrdə gördüyü bütün işləri dəstəkləyir və Prezidentinin yanındadır. Dövlətimizin başçısına bütün fəaliyyətində uğurlar və cansağlığı arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.