İDMAN
“Sakura” aykido məktəbi Azərbaycanda idmanın bu növünün inkişafına töhfə verir


Bakı, 18 mart, AZƏRTAC
“Sakura” aykido məktəbinin fəaliyyətə başlamasının dördüncü ildönümü münasibətilə tədbir keçirilib.
Azərbaycan Ciu-Citsu Federasiyasından (ACF) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Yaponiyanın Azərbaycan səfirliyinin ikinci katibi Daici Aşizuka, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə, ACF-in vitse-prezidenti Mirəli Seyidov, qara kəmər ustaları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğı nəticəsində əldə olunan nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, Azərbaycanda sürətlə inkişaf edən idman növlərindən biri də aykidodur. “Sakura” aykido məktəbi ölkəmizdə idmanın bu növünün inkişafına, təbliğinə və kütləviliyinin artırılmasına töhfə verir.
Çıxışlardan sonra Azərbaycanda aykidonun təbliğində və inkişafında fəallıq göstərən şəxslər təltif ediliblər.