DÜNYA


“Salli” qasırğası Floridada və Alabamada dağıntılara səbəb olub

Vaşinqton, 17 sentyabr, AZƏRTAC

ABŞ-ın cənub sahillərinə çatandan sonra qasırğaya çevrilmiş “Salli” tropik tufanı yaxın vaxtlarda Florida ştatındakı Pensakola körfəzi üzərində inşa edilmiş körpünü dağıdıb.

AZƏRTAC xəbər verir ki, Eskambiya dairəsinin şərifi Devid Morqan bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında jurnalistləri məlumatlandırıb. Uzunluğu 5 kilometr olan bu körpü Pensakolanı Qalf-Briz şəhəri ilə birləşdirir.

Çərşənbə günü səhər qasırğa Alabama ştatının Qalf-Şors rayonuna çatıb. Burada baş vermiş daşqın nəticəsində küçələr sanki çaylara dönüb. Hakimiyyət orqanları əhalini təcili təxliyə etməyə başlamalı olub.

Eskambiya dairəsinin ictimai təhlükəsizlik agentliyinin direktoru Ceyson Rocers deyib: “Florida ştatının Eskambiya dairəsində “Salli” qasırğasının doğurduğu daşqından sonra azı 177 nəfər xilas edilib. Şəhər administrasiyası komendant saatı tətbiq edib. Bu rejim axşam hava qaralandan səhər işıqlaşana qədər qüvvədə olacaq. Alabama ştatında elektrik cərəyanı verilişində yaranmış fasilə üzündən ştatın Mobayla bölgəsində də komendant saatı tətbiq edilib. Həftənin sonuna qədər məktəblər bağlı olacaq”.

Qasırğalar üzrə Milli Mərkəzin məlumatına görə, çərşənbə günü axşam “Salli” qasırğasının sürəti azalaraq saatda 112,6 kilometrə enib və o, tropik tufana çevrilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.