SİYASƏT


Salome Zurabişvili: Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri bizim üçün çox ağrılıdır

Tbilisi, 14 mart, AZƏRTAC

Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri, eyni zamanda, bu münaqişələrin eyni və simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli və ağrılı məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistan parlamentinin sədri Arart Mirzoyanla görüşdə söyləyib.

Gürcüstanın dövlət başçısı deyib ki, bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır. Gürcüstanın işğal altında olan iki ərazisi var və əgər biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz və ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınmalıdır.

S.Zurabişvili Minsk qrupu və Cenevrə danışıqlar formatının passiv olduğunu vurğulayıb və bildirib ki, bu formatlar vəziyyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmirlər. “Hesab edirəm ki, biz, bu münaqişələrin beynəlxalq normalar əsasında həllində yeni mərhələyə nail olunması üçün birgə çalışmalıyıq”, - deyə Prezident vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Gürcüstan ərazisində olmayan münaqişə ölkədə yaşayan azərbaycanlılar və ermənilər üçün də çox ağrılıdır: “Bu münaqişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə də bütün münaqişələr sülh yolu və beynəlxalq normalar əsasında həllini tapmalıdır”.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.