CƏMİYYƏT
Salonikidə Yunanıstan-Azərbaycan dostluq gecəsi keçirilib
Saloniki, 10 may, AZƏRTAC
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Keçmiş Sovet İttifaqı ölkələrindən olan Yunan İcmalarının Ümumyunan Federasiyasının təşkilatçılığı ilə Saloniki Abelokipus bələdiyyəsinin Karapantsio Mədəniyyət Mərkəzində “Yunanıstan-Azərbaycan Dostluq gecəsi” adlı mədəniyyət tədbiri təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı, “QALA” Cəmiyyətinin baş katibi Salatın Məmmədli tədbirdə çıxışçıları və ifaçıları qonaqlara təqdim edib. “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov qonaqları salamlayıb və Yunanıstan-Azərbaycan əlaqələrinin inkişafı barədə məruzə ilə çıxış edib. Keçmiş Sovet İttifaqı ölkələrindən olan Yunan İcmalarının Ümumyunan Federasiyasının baş katibi xanım İliana Kantaidou, Azərbaycanın Yunanıstan və Albaniyada səfiri Anar Hüseynov, Saloniki regional dairə idarəsinin nümayəndəsi Xristos Mattis, “Mitera Tereza” Alban Qaçqınları Təşkilatının sədri Arjan Cara, “Silloğos Katikon Neas Politias” rəqs qrupunun Sədri Papanikolau Stilianos və xoreoqraf Varvara Panagiotidou çıxış edərək mədəni tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirə Yunanıstanın regional dairə və yerli bələdiyyə nümayəndələri, o cümlədən, yerli təşkilat rəhbərləri də qatılıb. Tədbirin qeyri-rəsmi hissəsi xalqların milli rəqs və ifası ilə davam edib. Musiqiçilər Nina Katiğaridu, Eteri Muratidu, Venera Lavrentidou və Yannis Alexiadıs yunan, ponti və Azərbaycan mahnıları səsləndiriblər. “Kallitexniki Steği Pontion Voreiou Ellados” rəqs qrupu yunan ponti rəqsləri, “ZOİ” təşkilatının rəqqasları alban rəqsləri, “Silloğos Katikon Neas Politias” cəmiyyəti yunan rəqsləri, “ARGO” gürcü rəqs qrupu gürcü rəqsləri ilə çıxış ediblər. Qonaqlara Azərbaycan milli şirniyyatları təqdim olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki