İQTİSADİYYAT


Saltuk Düzyol: TANAP-ın iki fazası üzrə işlərin 93 faizdən çoxu tamamlanıb

İyuldan boru kəməri ilə Türkiyəyə kommersiya məqsədilə ilk qaz veriləcək

Əskişəhər, 17 aprel, Nihad Budaqov, AZƏRTAC

TANAP layihəsinin iki fazası üzrə işlərin ümumilikdə 93 faizdən çoxu icra edilib. Bu il iyulun əvvəlindən etibarən TANAP-la Türkiyəyə kommersiya məqsədilə ilk qaz veriləcək.

AZƏRTAC-ın Əskişəhərə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O bildirib ki, uzunluğuna və diametrinə görə Cənub Qaz Dəhlizinin ən böyük hissəsi olan TANAP layihəsi üzrə işlər artıq son mərhələyə qədəm qoyub. TANAP-ın 56 düymlük 1350 kilometr uzunluğundakı hissəsinin inşası tamamlanıb, boru kəmərinə sınaq məqsədilə qaz vurularaq Əskişəhərə çatdırılıb. Bu hissədə boru kəməri marşrutu boyunca fiber-optik kabel də çəkilib.

Layihə üzrə Faza-0, yəni cari ilin ortalarında Türkiyənin “Botaş” şirkətinin sisteminə ilk qazın qəbul edilməsi üçün işlərin 99 faizi tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlər üzrə isə 80 faizdən çox irəliləyişə nail olunub. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

Bundan başqa, TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəmərinin tikintisi və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq yekunlaşıb. Boru kəmərinin üzəri örtülərək mühafizə olunub. Xəttin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülüb.

Boru kəmərinin Əskişəhərin Seyitqazi bölgəsindəki CS5 kompressor və MS2 ölçmə stansiyalarının inşası tamamlanıb. Sistemə təbii qazın alınmasına başlanılıb.

TANAP-ın inşası çərçivəsində işlərin pik vaxtında layihə üzrə idarəetmə komandaları və podratçılar da daxil olmaqla tikinti sahələrində təxminən 9 min 200-dək işçi çalışıb. Layihə üzrə indiyədək 82 milyon nəfər-saat iş görülüb.

Qeyd edək ki, TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi” QSC - 51 faiz, STEAŞ - 7 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.