DÜNYA
Salvador Prezidenti Konstitusiya qadağasına rəğmən təkrar seçilməyə çalışacağını bəyan edib
Madrid, 16 sentyabr, AZƏRTAC
Salvador Prezidenti Naib Bukele bəyan edib ki, o, 2024-cü il seçkilərində özünün bu vəzifəyə təkrar seçilməyə çalışacaq.
AZƏRTAC xəbər verir ki, siyasətçi bu barədə ölkənin Müstəqilliyi Günündə çıxışı zamanı bildirib.
Beləliklə, 41 yaşlı Naib Bukele ölkə tarixində müvafiq Konstitusiya qadağasına baxmayaraq, dövlət başçısı vəzifəsinə təkrar seçilməyə çalışacaq ilk Prezident olacaq.
2021-ci ildə N.Bukelenin partiyasından olan qanunvericilər tərəfindən təyin edilmiş hakimlərdən ibarət Ali Məhkəmə iki ardıcıl müddətə prezidentliyin mümkün olması barədə qərar qəbul edib. O vaxt bu qərar ölkə daxilində, xüsusən də müxalifət sıralarında xeyli mübahisələrə səbəb olmuşdu.
Bundan əvvəl bitkoini qanuni ödəniş vasitəsi kimi təsdiqləyən N.Bukele öz qərarına haqq qazandıraraq bildirib ki, Mərkəzi Amerika millətinin müstəqilliyinin 201 ili ərzində ilk dəfə olaraq onun hökumətinin düzgün yolda olduğunu nümayiş etdirib.
Salvador Prezidenti postuna 3 il bundan əvvəl seçilən siyasətçi yüksək populyarlıq reytinqini qoruyub saxlayır. N.Bukele bu reytinqi rəhbər tutaraq ötən il fevral seçkilərində parlamentdə qazandığı böyük səs çoxluğundan məhkəmə orqanları və təsisatlarında öz mülahizəsinə görə islahatlar aparmaqdan və əleyhdarı olmayan hakimiyyətin həyata keçirilməsinə zəmanət verməkdən ötrü istifadə edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid