REGİONLAR


Salyan Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin rəisi: Keyfiyyətli toxum bol məhsulun əsasıdır

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Salyan, 1 noyabr, Mahir Babayev, AZƏRTAC

Keyfiyyətli toxum bol məhsulun əsasıdır. Əkinçilikdə yüksək məhsuldarlığa nail olmaq üçün səpinə yararlı, cücərmə faizi və energiyası yüksək olan toxum sortlarından istifadə etmək mütləqdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Salyan Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin rəisi Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, Salyan Regional Toxum Sertifikatlaşdırma Mərkəzi Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarında toxum istehsalçıları tərəfindən istehsal olunan bitki toxumlarının sertifikatlaşdırılması, eyni zamanda, toxum istehsalçısı olmayan hüquqi və fiziki şəxslər tərəfindən idxal edilən toxumların keyfiyyət analizlərini həyata keçirir. Mərkəzin mütəxəssisləri, həmçinin vaxtaşırı olaraq fermerlərlə görüşür, onların istehsal etdikləri toxumların kondisiya halına çatdırılması, qablaşdırılması, dərmanlanması və anbarda saxlanmasına dair lazımi məsləhət və tövsiyələr verirlər.

Mərkəz yenidən qurularaq ən yeni texnoloji avadanlıqlarla təmin olunub. Burada çalışan mütəxəssislər Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən təlimlərə cəlb olunub.

Ələkbər Məmmədov deyib: “Fermerlər istehsal etdikləri toxumları Mərkəzə gətirərək onun əkinə yararlılıq, cücərmə faizi və energiyasını müəyyənləşdirmək üçün laboratoriyaya təqdim edirlər. Laboratoriyada kondisiya halına çatdırılan toxumlardan hər 30 tona 3 nümunə götürülür. Götürülən nümunələrdən 2 kiloqramı şahid nümunə olur, 1 kiloqramı isə keyfiyyət sertifikatı almaq üçün analizə təqdim edilir. Toxum nümunələri laboratoriyada müxtəlif mərhələlərdən keçirilməklə dəqiq analiz olunur. Bundan sonra toxumun əkininə yararlı olub-olmaması barədə rəy verilir. Toxum yararlı olarsa, sertifikatlaşdırılır. Analizdən keçirilərək keyfiyyət sertifikatı almış toxum sortlarının əkinindən normal cücərti alınır”.

Salyan Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin rəisi, həmçinin bildirib ki, əməkdaşların fermerlər, fiziki şəxslər və özəl təsərrüfat rəhbərləri ilə birgə fəaliyyəti, onlarla apardıqları məsləhətləşmələr məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Nəticədə regionda istehsal ilbəil artır, məhsuldarlıq yüksəlir.

Qeyd edək ki, Salyan Regional Toxum Sertifikatlaşdırma Mərkəzində cari ilin doqquz ayında 360 toxum analizi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.