CƏMİYYƏT
Salyan polisi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki qardaşı həbs edib VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı rayonun Qırxçıraq kənd sakini Elman Cəlalov və qardaşı Əlizamin şübhəli şəxs qismində tutulublar. Əvvəlcə Elman Cəlalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilib və aqrotexniki qaydada becərilmiş 211 ədəd çətənə kolu aşkarlanıb. Elman Cəlalov ifadəsində narkotik tərkibli bitkiləri əkib qulluq göstərdiyini etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq qonşuluqda yaşayan Əlizamin Cəlalovun həyətyanı sahəsinə də baxış keçirilib. Oradan isə narkotik tərkibli 88 çətənə kolu aşkarlanıb.
Həyətyanı sahələrdə aşkarlanmış çətənə kolları hal şahidlərinin iştirakı ilə çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb. Ümumilikdə Elman və Əlizamin Cəlalov qardaşlarından 35 kiloqram qurudulmuş marixuana və 528 kiloqram yaş halda çətənə kolu aşkarlanıb.
Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Hər iki qardaş əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum edildikləri müəyyənləşdirilib.