İQTİSADİYYAT
Salyan rayonu ərazisində 66 su nasos stansiyası fəaliyyət göstərir

Salyan, 3 iyun, AZƏRTAC
Salyan rayonu ərazisində yerləşən uzunluğu 34,4 km olan Magistral Akuşa suvarma kanalı 19 min 200 hektar əkin sahəsinə xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdir müavini Qulu Kərimov Salyan və Neftçala rayonlarına təşkil olunmuş mediaturda bildirib.
Q.Kərimov əlavə edib ki, 1957-ci ildən fəaliyyət göstərən Birləşmiş Akuşa nasos stansiyası “Vlaqa-7”, “Vlaqa-8” üzən və “Akuşa-2” stasionar nasos stansiyalarından ibarətdir.
Onun sözlərinə görə, iyun ayında Mingəçevir ərazisindən 160 kubmetr su buraxılıb. Buraxılan su taxıl, pambıq və bostan məhsullarının suvarılmasında istifadə olunur. Təsərrüfatların suvarılması üçün Salyan rayonu ərazisində 66 su nasos stansiyası fəaliyyət göstərir.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdir müavini Q.Kərimov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev təməlini qoyduğu 12 aqreqatlı “Akuşa-2” stasionar nasos stansiyası 1981-ci ildə istismara verilib.