REGİONLAR
Salyan rayonunda bir əsrə yaxın yaşı olan Su qülləsi
Salyan, 25 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Bir vaxtlar Salyan rayon əhalisinin içməli su təminatı üçün istifadə edilən Su qülləsi hazırda da əzəməti ilə diqqət çəkir. 30 metr hündürlüyü olan qüllə rayon ərazisində hətta 25 km məsafədən belə diqqəti çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 40 ildən çox Salyan rayon əhalisinin içməli su təminatında istifadə olunan Su qülləsi 1929-cu ildə istifadəyə verilib. XX əsrin əvvəllərində inşa olunmasına baxmayaraq qüllə bu gün də əzəmətini qoruyub saxlayıb.
Tədqiqatçı Sahib Həsənov deyir ki, XX əsrin əvvəllərində Salyanda əhalinin içməli suya olan tələbatını ödəmək üçün texniki avadanlıq olmayıb. Əhali yaxınlıqdan axan Kür çayından səhənglər və at arabaları ilə su götürərək durultduqdan sonra istifadə edib. Elə həmin çətinliklərin aradan qaldırılması məqsədilə su qülləsinin tikintisi planlaşdırılıb və 1924-cü ildə tikinti işlərinə başlanılıb. Qüllə Salyan qəza icraiyyə komitəsinə sədrlik edən Mirbəşir Qasımovun dövründə inşa edilib. Tikinti işləri 5 il davam edib və 1929-cu ildə Su qülləsi istifadəyə verilib. Üzərində 50 tonluq su çəni quraşdırılan Su qülləsinin hündürlüyü 30 metr, ümumi diametri isə 10 metrə yaxındır. Su qülləsinin yaxınlığında isə hər birinin tutumu min kubmetr olan iki su anbarı da tikilib. Kür çayından nasosla vurulan su, anbarda durulduqdan sonra qüllənin çəninə ötürülüb. Qüllənin möhkəm, davamlı olması üçün tikinti zamanı 400 marka sementdən istifadə olunub. Su qülləsi 40 il fasiləsiz olaraq işləyib. Sonralar şəhərdə əhali sayı artdığı üçün yeni su qurğuları tikilib və 1970-ci ilin əvvəllərində Su qülləsinin fəaliyyəti dayandırılıb.
Salyan rayon sakini 85 yaşlı Aydın Yusifov da bu tarixi abidənin qorunmasını bildirir. O deyir: “ Uzun illər əhali bu qüllədən faydalanıb. Bir əsrə yaxın yaşı olan Su qülləsi öz əzəmətini hələ də itirməyib, müəyyən təmir işləri görülərsə daha da möhtəşəm görünər, həmçinin tarixi abidə kimi gələcək nəsillərə yadigar qalar".
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözü gedən Su qülləsi artıq yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb və reyestrə daxil ediləndən sonra qarşısına lövhə vurulacaq.