CƏMİYYƏT
Salyan rayonunda idmançılarla görüş keçirilib
Bakı, 5 mart, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Salyan Rayon Gənclər və İdman İdarəsində Vətən müharibəsində qəhrəmancasına vuruşan və arxa cəbhədə fəallıq göstərən yerli idmançılarla görüş keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, idarə rəisi Araz Hüseynov bütün zamanlarda hər bir cəmiyyətin dayağını sağlam bədənli və sağlam ruhlu insanların təşkil etdiyini bildirib. Qeyd edib ki, idmançılarımız 44 günlük Vətən müharibəsində də misilsiz qəhrəmanlıqlar göstərdilər. Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsi göstərdi ki, Azərbaycanda xalqa, dövlətə, torpağa bağlı yenilməz gənclər formalaşıb. Vətən müharibəsində iştirak edərək bizə Qələbə sevincini bəxş etmiş idmançılarımız bizim fəxrimizdir.
Sonda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Vətən müharibəsində ön cəbhədə qəhrəmanlıq göstərən Salyan idmançıları - cüdoçular Cəmil Şabanov, İmadi Əmənov, kikboksçular Elvin Rəhimov, Baxşəli Əmrəliyev, Rəşad Əmrəliyev, Hüseynqulu Məmmədov, Aydın Abasov, boksçu Həsən Pənahov, sərbəst güləşçilər İsa Əliyev, Murad Mustafayev, Ülvi Rüstəmov, arxa cəbhədə fədakarlıq göstərən, stolüstü tennis idman üzrə məşqçi-müəllim Bəhruz Səmədov Salyan Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunub.