CƏMİYYƏT


Salyan rayonunun Həsənli kəndində 122 millimetrlik top mərmisi aşkarlanıb

Bakı, 15 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Salyan rayonunun Həsənli kəndi ərazisində bir mərminin aşkarlanması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasında dərhal həmin əraziyə göndərilib.

Ərazidə meşə zolağına baxış keçirən ANAMA-nın mütəxəssislərinin apardıqları təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik OF-56-1 top mərmisi aşkarlanıb. Mərmi zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 14-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 14 otlaq sahəsinə, 17 əkin sahəsinə, bağçılıq sahəsinə, fermaya, hərbi hissənin yaxınlığına, hərbi şəhərciyə və s. yerlərə baxış keçirilib. Nəticədə 7514 partlamamış hərbi sursat, tank əleyhinə 203, piyada əleyhinə 33 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 749 min 592 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.