İQTİSADİYYAT
Salyan rels qaynaqlama qatarında yeni texnoloji xətt istismara verilmişdir
Bakı, 30 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın icrası istiqamətində işlər sürətlə davam etdirilir. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun çox hissəsi artıq əsaslı təmir olunmuş və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi prosesi gedir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 30-da “Dəmiryolservis” MMC-nin 24 nömrəli Salyan rels qaynaqlama qatarında yeni texnoloji xəttin istismara verilməsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, 24 nömrəli Salyan rels qaynaqlama qatarının tarixində son illərdə yeni mərhələ başlamışdır. Müəssisə özünün yeni inkişaf dövrünü yaşayır. Səyyar qaynaq işlərini həyata keçirmək üçün Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq istismara verilmişdir. Yeni texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.
Ötən ilin əvvəlindən isə burada yeni texnoloji xəttin tikintisinə başlanılmışdır. Artıq işlər yekunlaşmış və yeni xətt istismara hazırdır. Yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıq Rusiyanın “Pskovelektrosvarka” zavodundan alınıb gətirilmişdir. Yeni xəttin tikilib quraşdırılması məqsədilə ilk gündən zavodun baş mühəndisi Yuri Qromov, zavodun beynəlxalq tikinti şöbəsinin müdiri Sergey Korolyov və baş konstruktor Valeri İsayenko burada olmuşlar. Əvvəllər üçnövbəli iş günü ərzində 600 metr rels qaynaq edilirdisə, indi 1200 metr rels qaynaq olunur. Dəmir yolunda əsaslı təmir işlərinin intensivliyinin artdığı bir vaxtda bu, xüsusilə önəmlidir.
Relslər müəssisədə 800 metr uzunluğunda qaynaq edilir, xüsusi təyinatlı qatara yüklənərək lazım olan sahəyə daşınır. Həm Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunmuş sahələrin, həm də Bakı-Tbilisi-Qars yeni dəmir yolunun Gürcüstan hissəsinin tikintisini, podratçı təşkilat olaraq “Dəmiryolservis” MMC-nin kollektivi həyata keçirdiyindən hər iki sahənin uzunölçülü relslərlə təminatı bu kollektivin üzərinə düşür.
Yeni texnoloji xəttin iş prinsipi ilə tanış olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov dəmiryolçularla görüşərək onların işini yüksək qiymətləndirmişdir. Məlumat verilmişdir ki, əməkçilər üçün soyunub-geyinmə otaqları, 40 nəfərlik yeməkxana tikilərək istifadəyə verilmişdir.
Sonda işçiləri işə aparıb-gətirmək üçün müəssisəyə avtobus hədiyyə olunmuşdur. Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Salyan rels qaynaqlama qatarının bir qrup işçisinə fəxri fərman və pul mükafatları təqdim edilmişdir.