REGİONLAR
Salyan sakini həyətinin hasarını butulkadan hörür VİDEO
Salyan, 2 mart, İlkin Adıyev, AZƏRTAC
Salyan sakini həyətindəki hasarı mişar daşından deyil, butulkadan hörür. Bu, kənd sakinlərinin də marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Salyanın Şorsulu kənd sakini, 62 yaşlı Qurban Əliyev Gəncədə butulkalı evi gördükdən sonra belə bir işə qol qoyub.
Qurban kişi deyir ki, hasarı hörməmişdən qabaq çoxlu butulka yığıb, sonra işə başlayıb. Onun sözlərinə görə, butulka ilə hasar hörmək mişar daşına nisbətən çox ucuz başa gəlir. Artıq evinin qarşısını, zirzəmini butulkadan hörüb. Evin arxa hissəsindəki hasar da butulkadandır.
Kənddə ilk maraqlı iş olduğundan qonum-qonşuları da Qurban kişiyə kömək etməkdən zövq alırlar.
Hasar hörgüsü başa çatdıqdan sonra Qurban Əliyev yaxın vaxtlarda butulkadan ev tikintisinə də başlayacaq. Bununla da o, ən böyük arzusunu reallaşdırmış olacaq.