REGİONLAR
Salyanda 15 sürücü barədə inzibati qaydada cəza tədbirləri görülüb
Salyan, 19 avqust, Mahir Babayev, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Təmiz hava aylığı” çərçivəsində Salyanda nəqliyyatın sıx olduğu Xəlil Rza Ulutürk prospektində reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazının tərkibində olan zərərli maddələrlə çirklənməsinin qarşısını almaq üçün nəzarəti gücləndirməkdir.
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı havaya buraxılan dəm qazı normadan artıq olan 60-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb və 15 sürücü barəsində inzibati qaydada cəza tədbiri görülüb.
Reyd zamanı, həmçinin yol hərəkəti qaydalarını pozan sürücülərə də rast gəlinib. Onların barəsində də inzibati qaydada protokol tərtib edilib.
“Təmiz hava aylığı" çərçivəsində keçirilən reydlər avqustun 31-dək davam edəcək.