REGİONLAR
Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi işləri “Azəravtoyol” ASC tərəfindən yekunlaşıb. Avtomobil yolu yeni və müasir görkəmdə istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətindən bildirilib.
Ümumi uzunluğu 19 kilometr olan yolun 6,2 kilometri Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2014-cü il və 8 yanvar 2015-ci il tarixli Sərəncamlarına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə “Azəravtoyol” ASC-yə həvalə edilib.
Məlumata görə, 2 hərəkət zolaqlı 4-cü texniki dərəcəyə uyğun yolda aparılan yenidənqurma işləri zamanı zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Ərazidə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılıb. Buna paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə, 157 min kvadratmetr ərazi asfaltlanıb.
Layihəyə uyğun olaraq, yol yatağının eni 10 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə suötürücü boruların tikintisi işləri də aparılıb.
Tikinti işləri tamamlandıqdan sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün 48 ədəd yol nişanları quraşdırılıb, yola 12,8 kilometr uzunluğunda üfüqi nişanlama xətləri çəkilib.
Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Bu problemin həlli üçün cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri yüksək keyfiyyətlə aparılıb.
Qeyd olunub ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə çatdırılmasına imkan yaranacaq.