REGİONLAR


Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub

Salyan, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni binasının açılışı olub.

Açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, müəllim və şagirdlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilib. Birmərtəbəli məktəb binası qəzalı vəziyyətdə olduğundan yeni məktəb binasının tikintisi zərurəti yaranmışdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2019-cu ildə 180 şagird yerlik ikimərtəbəli binanın tikintisi həyata keçirilib.

Məktəbdə 14 sinif otağı ilə yanaşı laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalı, yeməkxana var.

Binada istilik sistemi qurulub, məktəb inventar və texniki vasitələrlə təchiz edilib.

1084 nəfər əhalisi olan Ərəbqardaşbəyli kəndindəki yeni məktəbdə hazırda 117 şagird təhsil alır.

Qeyd edək ki, bu gün yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.


Təhsilin inkişafına göstərilən diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Təkcə ötən il ölkə ərazisində 84 məktəb binası tikilib və ya təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.