REGİONLAR


Salyanda Ömər paşa və naməlum türk əsgərlərinin məzarları ziyarətgaha çevrilib VİDEO

Salyan, 14 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət - iki dövlət olan Azərbaycan ilə Türkiyənin qardaşlığının dünyada bənzəri yoxdur. 1915-ci ildə qazanılan Çanaqqala zəfərində, ondan 3 il sonra Bakının daşnak-bolşeviklərdən azad edilməsində hər iki millətin qəhrəman əsgərləri çiyin-çiyinə döyüşərək, tarix yazıb, qazi olub, şəhidlik zirvəsinə yüksəliblər. Onların xatirəsinə bir çox abidələr ucaldılıb.

1918-ci ildə Azərbaycanda daşnak-bolşeviklərə qarşı döyüşdə şəhid olan türk qardaşlarımızın xatirəsinə ucaldılan abidələrdən biri də Salyanda yerləşir. Həmin abidənin ucaldığı yerdə bir Türk paşasının və iki türk əsgərinin xatirəsi əbədiləşdirilib.

Salyan rayonundan olan tarixçi-tədqiqatçı Sahib Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 1918-ci il hadisələri zamanı Azərbaycan ərazisində erməni daşnaklarının və bolşeviklərin törətdiyi vəhşiliklərin qarşısının alınması üçün köməyə gələn məhz Türk ordusu oldu.

Sahib Həsənov deyir ki, həmin dövrdə erməni daşnakları Kür çayı boyunca 6 gəmi və xeyli canlı qüvvə ilə Salyana doğur hücuma keçərək, Kür Qaraqaşlı kəndinə qədər gəlib çatmışdılar. O vaxtadək rayonun Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən kəndləri viran qoyulmuşdu. Düşmən Kür çayı boyunca yerləşən bu kəndlərdən başqa, digər yaxın kəndləri də ələ keçirmiş, dinc əhalini qətlə yetirmiş, mal-mülklərini qarət etmişlər.

Həmin dövrdə Salyanda tanınmış şəxs olan Mirbağır Ağanın çağırışı ilə yerli özünümüdafiə birliyi yaradıldı. Əlibəy Ağabəyli adlı şəxs və dostları mahir ovçu kimi tanındıqlarına görə özünümüdafiə birliyinin üzvlərinə silahla davranmağı, ermənilərə qarşı necə vuruşmalı olduqlarını öyrədirdilər. Çox keçmədi ki, Türk ordusu köməyə gəldi. 100 nəfərlik heyət və 2 topla gələn Türk ordusu özünümüdafiə birliyi ilə birləşərək, erməni daşnaklarına qarşı müqavimət göstərdilər. Nəticədə 1918-ci il iyunun 28-də ermənilər xeyli itki verərək geri çəkildilər.

Sahib Həsənov bildirib ki, Nəsir Yücəərin “Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı” kitabında bu döyüşlər barədə yazılıb. Kitabda qeyd olunub ki, iyunun 28-də türk əsgərlərinə hücum edən düşmən bir nailiyyət qazana bilmədi. İyunun 29-da düşmənin sağ tərəfdən mühasirəyə alma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun 2-nə qədər davam edən toqquşmada ermənilər cənuba çəkilmək məcburiyyətində qaldılar. Türklərin atdığı top atəşləri nəticəsində düşmənin bir gəmisi sıradan çıxarıldı. Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı.

Salyanda baş vermiş birinci döyüşdə Türk ordusundan 12 süvari şəhid oldu, 17 süvari isə yaralandı. Düşmən tərəfdən 192 nəfər öldürüldü, 408 nəfər isə yaralandı. Bu faktlar 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Türkərin “Böyük hərbdə Bakı yollarında” kitabında yazılıb.

Salyanda ikinci ağır döyüş 1918-ci il iyulun 12-də Novavasilyevka-Bankə xəttində baş verib. Döyüşdə düşmənin böyük hissəsi məhv edilib. Canını qurtara bilənlər isə gəmilərlə qaçıblar.

Bu döyüşlərdə şəhid olmuş türk əsgər və zabitləri müsəlman qaydasında böyük ehtiramla dəfn edilib.

Tarixçi qeyd edib ki, Salyanda Ömər paşa və naməlum türk əsgərlərinin məzarları ziyarətgaha çevrilib. Burada ucalan abidə 2012-ci ildə inşa olunub. “Türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi Türkiyə-Azərbaycan qardaşlığına daha bir bariz nümunədir. Haqq uğrunda vuruşaraq canlarını fəda edən qəhrəmanlarımız qəlblərdə əbədi yaşayırlar. Bu iki qardaş dövlət ötən il Vətən müharibəsində də babalarımızdan qalan qardaşlıq ənənələrini bir daha təcəssüm etdirdilər. Türkiyə öz dəstəyini Azərbaycandan əsirgəmədi. Bu, bir daha təsdiqləyir ki, qardaşlığımız, “bir millət - iki dövlət” şüarı əsrlər keçsə də yaşayacaq. Gələcək türklərə məxsusdur. Burada dalğalanan Azərbaycan ilə Türkiyə bayraqları bundan sonra da əbədi dalğalanacaq”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.