Salyanda Şəhidlərin xatirəsi anılıb
AzerTAg.az
Salyan, 4 dekabr, Mahir Babayev, AZƏRTAC
Dekabrın 4-də respublikamızın hər yerində olduğu kimi, Salyanda da Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Salyan şəhərindəki Hacı Tağı məscidində keçirilən mərasimdə rayonun rəhbər işçiləri, şəhid valideynləri, qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri və gənclərin təmsilçiləri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, namaz qılınıb.
Qeyd olunub ki, şanlı qələbənin qazanılması şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gəlib. Onlar məharətləri, şücaətləri, qəhrəmanlıqları ilə adlarını tarixə yazdılar və bu tarix heç vaxt unudulmayacaq. Biz şəhidlərimizlə fəxr edir və onların valideynləri qarşısında baş əyirik.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam etdirilir.


Xəbərin mətnində orfoqrafik səhv var