REGİONLAR
Salyanda cari ilin 6 ayında süni mayalama yolu ilə 725 baş buzov alınıb
Salyan, 20 iyul, Mahir Babayev, AZƏRTAC
Salyanda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını ödəmək məqsədilə xaricdən cins düyələrin alınması ilə yanaşı, yerli inəklərin cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalamaya da xüsusi diqqət yetirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, son illər rayonun heyvandarlıq təsərrüfatlarında süni mayalama məntəqələrinin şəbəkəsi xeyli genişləndirilib. Hazırda fermalarda 9 mayalama məntəqəsi fəaliyyət göstərir və carin ilin 6 ayında bu məntəqələrdə mayalanan 716 baş inəkdən 725 baş buzov alınıb.
Noxudlu kənd heyvandarlıq təsərrüfatının rəhbəri Əliqardaş Əsgərovun sözlərinə görə, süni mayalama yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərdən 3-4 dəfə çox olur. Mütəxəssislərin fikrincə, süni mayalama yolu ilə bala alınması xaricdən gətirilən heyvanlardan daha ucuz başa gəlir ki, bu da təsərrüfat sahiblərinə olduqca sərfəlidir.