REGİONLAR
Salyanda evi tərk edən koronavirus xəstəsi saxlanılıb
Salyan, 22 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan rayon sakininin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub.
Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.
Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.