MƏDƏNİYYƏT
Salyanda fəaliyyət göstərən QHT sədrinin yeni kitabı nəşr edilmişdir
Salyan, 1 mart (AZƏRTAC). Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyinin sədri, rayonda çıxan “Qələbə” və “Ana Kür” qəzetlərinin redaktoru Rüstəm Məlikov vətəndaş cəmiyyəti sahəsində və qəzetçilik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, bir sıra maraqlı kitabların da müəllifidir.
AZƏRTAC xəbər verir ki, yazıçı-publisistin Salyan rayonunun görkəmli şəxsiyyətləri barədə nəşr edilmiş «Miras qalmış ömür», «80 illik ömrün 80 səhifəsi» kitabları rayon və respublika ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
Bu günlərdə R.Məlikovun Salyan rayonunun ilk peşəkar ali təhsilli jurnalisti olmuş, uzun illər “Elm” və “Yazıçı” nəşriyyatlarına rəhbərlik etmiş istedadlı naşir Faiq Məlikov haqqında “Qu nəğməsi” adlı yeni kitabı çapdan çıxmışdır.
“Araz” nəşriyyatında çap olunmuş kitabda qısa və mənalı ömür yaşamış F.Məlikov haqqında onun sənət və qələm dostları, Xalq Yazıçısı Çingiz Abdullayev, xalq şairləri Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Rəsul Rza mükafatı laureatı Oqtay Rza, filologiya elmləri doktorları Aqşin Babayev, İmamverdi Əbilov, Milli Məclisin deputatı, yazıçı-publisist Sabir Rüstəmxanlı və başqaları illərin arxasında qalan xatirələrinə işıq saçmış, öz qələm dostlarını bir daha yad etmişlər.
Faiq Məlikovun indiyədək çap olunmamış povest və hekayələri də yer almışdır.