REGİONLAR
Salyanda gender bərabərsizliyinə yol açan situasiyalar səhnələşdirilib
Salyan, 13 may, Aydın Yavərzadə, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “Bərabər hüquqlarımız” layihəsi çərçivəsində “Gender bərabərliyi və əsas anlayışlar” adlı təlim keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Gənclər gender bərabərliyi üçün” layihəsinin rəhbəri, təlimçi Günel Salayeva gənclərə “Gender və cins”, “Cinsi müəyyənləşdirən göstəricilər”, “Genderi müəyyənləşdirən göstəricilər”, “Gender stereotipləri”, “Gender əsaslı zorakılıq”, “Gender və güc münasibətləri”, “Gender əsaslı ayrıseçkilik”, “Konsent” və “Münasibətlərdə yaş fərqi” mövzuları haqqında məlumat verib. Bildirilib ki, təlimin keçirilməsində məqsəd region gənclərinin gender bərabərliyi istiqamətində maariflənməsinə və gender stereotiplərinin qırılmasına töhfə verməkdir. Produktiv keçən təlimdə gənclər təcrübə etdikləri bərabərsizlik hallarını və gender mövzusunda biliklərini paylaşıblar.
Sonra “Erkən nikah”, “Təhsil hüququ”, “İxtisas seçimində gender diskriminasiyası” və başqa gender bərabərsizliyinə yol açan situasiyaların ssenarisi yazılaraq səhnələşdirilib.