REGİONLAR


Salyanda ilin ötən ayları ərzində 11 min tondan çox süd istehsal olunub

Salyan, 20 aprel, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən hesab olunur. Rayonda heyvandarlığın inkişafına xüsusi diqqət yetirildiyindən hər il bu sahədə yaxşı nəticələr qazanılır, mal-qaranın sayı çoxalır, heyvandarlıq məhsulları istehsalında yaxşı nəticələr əldə olunur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq kompleksləri və fərdi təsərrüfatlarında 63 min 136 baş iribuynuzlu mal-qara, 185 min 345 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 32 baş çoxdur. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsirini göstərir. Cari ilin üç ayı ərzində rayonda 2 min 676,7 ton ət (diri çəkidə), 11 min 320,1 ton süd və 7 milyon 348 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 177,7 ton, süddən 94,3 ton və yumurtadan isə 25 min ədəd çoxdur.

Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində də yaxşı nəticələr qazanılıb. Dövlətin süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara əlavə subsidiyaların verilməsi və bu yolla alınan heyvanların ət və südünün yerli heyvanlardan çox olması fermerlərin bu sahəyə olan marağını daha da artırıb. Bu səbəbdən də hazırda rayonda heyvandarlıq təsərrüfatlarında mövcud olan mal-qaranın 75-80 faizinin cins tərkibini yaxşılaşdırılmış heyvanlar təşkil edir.

Qeyd edək ki, ötən il rayonda süni mayalanma aparılmış 5 min 778 ana inək və düyədən 4 min 157 baş buzov alınıb ki, bu da hər 100 baş inəyə 71 baş buzov deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.