REGİONLAR
Salyanda ilin ötən ayları ərzində süni mayalanma yolu ilə 2165 baş buzov alınıb
Salyan, 22 iyul, Mahir Babayev, AZƏRTAC
Salyanda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən elit törədici toxumlar ilə mayalanma aparılmış 2907 baş inək və düyədən 2165 baş buzov alınıb. Hər 100 inəyə orta hesabla 74 bala buzov düşüb. Doğulan buzovlara görə maldara ümumilikdə 216 min 500 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63 min 420 başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.