REGİONLAR
Salyanda istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin əhəmiyyətindən danışılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Salyanda istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin əhəmiyyətindən danışılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 24-də Salyanda nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfransı keçirilib. Aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin əhəmiyyətindən danışıb, xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Bildirib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, “dəyirmi masa”lar təşkil edilir, istehlakçı hüquqları barədə məlumatlar yayılır, ticarət və iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Bundan başqa, ticarət qaydalarına əməl olunması ilə bağlı istehlakçıların elektron ünvanına bildirişlər göndərilir, ticarət, iaşə, məişət və digər növ xidmət sahələrində istehlakçılar üçün faydalı olan maarifləndirici məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır.
Tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.