REGİONLAR
Salyanda istixanalardan 145 tondan çox məhsul yığılıb
Salyan, 10 aprel, Mahir Babayev, AZƏRTAC
Son illər Salyanda istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan salyanlı fermerlər hər il istixanalarda yetişdirdikləri məhsulları daxili və xarici bazarlarda satmaqla yaxşı qazanc götürürlər. Məhsul istehsalçıları cari ildə də istixanalarda bol məhsul yetişdiriblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il istixanalardan 19 min 751 ton məhsul yığan fermerlər cari ildə ötən ildəkindən qat-qat çox məhsul yetişdiriblər. Artıq fermerlər xeyli vaxtdır ki, yetişmiş məhsulun yığımına başlayıb və indiyədək 145,8 ton məhsul toplanaraq yerli və xarici bazarlara göndəriblər. Yığılan məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 126 ton çoxdur. Rayonda faraş məhsul yığımı uğurla davam edir.
Qeyd edək ki, Salyanda ümumi sahəsi 135,4 hektar olan 472 istixana kompleksi mövcuddur. Cari ildə bu istixanaların 133,3 hektarında məhsul becərilib.